Görüntü

Hikmət və həyat dərsləri

Həyatın mənası, seçimlər və düşüncə tərzi. · 46 hekayə

Açılmayan qapı, bəlkə də, sənin qapın deyil

Səs
Səs
Şəkil
Mətn

Bir gün Camal şirkətin müdiri Səlim bəyin yanına gəldi. Yaxın vaxtlarda vəzifə yüksəlişlərinin olacağını eşitmişdi və özünün də buna ümid etdiyini bildirdi.

Səlim bəy onu dinləyib dedi:

— Camal, işindən razıyam. Amma düşünürəm ki, bu şirkət sənin üçün uyğun yer deyil. Səninlə əməkdaşlığımıza son vermək qərarına gəlmişik.

Yüksəliş gözləyən Camal bu sözlərdən sarsıldı. Məyus halda şirkətdən ayrıldı.

İki il sonra onlar yenidən qarşılaşdılar. Salamlaşıb hal-əhval tutdular. Camal öz şirkətini qurduğunu və işlərinin yaxşı getdiyini söylədi. Səlim bəy bunu eşidib sevindi.

Camal keçmiş müdirinə dedi:

— O vaxt qərarınızı qəbul etmək mənim üçün çox çətin idi. Amma indi geriyə baxanda görürəm ki, işdən ayrılmağım məni başqa imkanlar axtarmağa sövq etdi. Öz işimi qurdum, sevdiyim sahədə çalışmağa başladım. Bu gün həyatımdan razıyam. O ayrılıq mənim üçün yeni bir başlanğıc oldu. Buna görə sizə təşəkkür edirəm.

Açılmayan qapı həmişə yolun sonu deyil. Bəzən bir fürsəti itirmək insana özünə daha uyğun yolu axtarmağa təkan verir. Əsas olan məyusluğun içində dayanıb qalmamaq, yeni imkanları görüb addım atmaqdır.

Axtarmaq

Səs
Səs
Şəkil
Mətn

Bir şeyi olmadığı yerdə axtarmaq axtarış deyil, özünü aldatmaqdır — vəfasızda vəfa, həyasızda ədəb, vicdansızda mərhəmət axtarmaq kimi.

İnsanları görmək istədiyin kimi deyil, davranışlarında göstərdikləri kimi tanı. Ümidini yalnız gözləntilərinə bağlama; sözə də, əmələ də bax.

Bir gün də yaşadım...

Səs
Səs
Şəkil
Mətn

Gün başladı... Gün bitdi...

Hər səhər gözlərimizi açanda yeni bir günün başladığını görürük. Amma çox zaman axşamın nə vaxt gəlib çatdığını, bir günün ömrümüzdən nə zaman ayrıldığını hiss etmirik. Zaman sakit bir çay kimi axır; biz isə onun sahilində dayanıb ötən anların arxasınca baxırıq.

Bəzən insan öz-özünə düşünür: Tanrı bu günü mənə hansı hikmətlə bəxş etmişdi? Mən bu ilahi əmanətin qədrini bildimmi? Bu günə nə əlavə etdim, ondan nə götürdüm? Ruhuma hansı işığı gətirdim, hansı fürsəti əldən verdim?

İnsan ömrünün ən böyük sərvəti zamandır. Çünki itirilən hər şey bəzən geri qayıda bilər, amma ötən bir an belə geri dönmür. Buna görə də hər günün, hər saatın, hətta hər nəfəsin öz dəyəri və mənası vardır.

Beləcə, bir gün də yaşadım... Zamanın sonsuz kitabında ömrümün daha bir səhifəsi çevrildi. O səhifədə nə yazıldığını isə ən doğru bilən yalnız Tanrıdır.

Hər yeni gün bizə verilən qiymətli bir əmanətdir. Günün sonunda onu necə keçirdiyimizi düşünmək sabahımızı daha mənalı yaşamağa kömək edər.

Etibar Siracsoy

Boş vaxt

Səs
Səs
Şəkil
Mətn

Bəziləri səninlə boş vaxtı olanda danışar, bəziləri isə səninlə danışmaq üçün vaxt ayırar.

Vaxt geri qaytarılmayan sərvətdir. Səni dinləməyə və yanında olmağa könüllü vaxt ayıran insanın qədrini bil.

Boşunadır

Səs
Səs
Şəkil
Mətn

Söz dinləməyənə nəsihət vermək, anlamaq istəməyənlə mübahisə etmək, ikiüzlü ilə dostluq qurmaq boşunadır.

Vaxtını və etibarını kimə verdiyin həyatına təsir edir. Qarşılıqlı hörmət və səmimiyyət olmayan münasibətlərə sərf edilən ömür geri qayıtmır.

Bu günlərdə etməsəm, dünya dağılmaz ki

Səs
Səs
Şəkil
Mətn

Bir əməkdaşımızdan tapşırılan işin nə yerdə olduğunu soruşdum. Cavabı məni çox məyus etdi:

«Bu günlərdə etməsəm, dünya dağılmaz ki…»

Bir anlıq düşündüm: Bəli, dünya dağılmaz. Amma bəs bizim aramızdakı etibar? O da dağılmazmı? Bu münasibət əməkdaşlığımıza, qarşılıqlı hörmətimizə və gördüyümüz ümumi işə zərər vurmazmı?

Məsələ tapşırığın bir neçə gün gecikməsi deyildi. Məsələ insanın üzərinə götürdüyü öhdəliyə münasibəti idi. Çünki məsuliyyət təkcə işi görmək deyil, verilən sözə sahib çıxmaq, qarşı tərəfin etimadını doğrultmaq və insanların sənə arxalana bilməsini təmin etməkdir.

Düşünürəm ki, üzərinə götürdüyün hər hansı bir öhdəliyə bu cür məsuliyyətsiz yanaşmaq doğru deyil. Daha da təəssüf doğuran isə bu yanaşmanın ifadə tərzi idi. Mənə görə, belə bir cavab ən azı kobud səslənir və qarşı tərəfin vaxtına, əməyinə və etimadına yetərincə dəyər verilmədiyini göstərir.

Etiraf edim ki, bu sözlər qəlbimi sındırdı. Həmin an anladım ki, əməkdaşlığımız əvvəlki kimi davam edə bilməyəcək. Çünki istənilən peşəkar münasibətin təməli etibardır. Etibar sarsıldıqda isə iş birliyi də ciddi sınaq qarşısında qalır.

Məni daha çox məyus edən isə odur ki, həmkarım nə dediyi sözün yanlışlığını anladı, nə buna görə üzr istədi, nə də tapşırığı yerinə yetirdi. Ona olan etimadım sarsıldığı üçün problemi başqa yolla həll etməyə məcbur oldum.

Bu hadisə mənə bir daha göstərdi ki, təşkilatlarda ən qiymətli resurs nə vaxtdır, nə puldur, nə də texnologiya. Ən qiymətli resurs insanların bir-birinə olan etimadıdır. Etimadı qazanmaq illər tələb edə bilər, onu itirmək isə bəzən cəmi bir cümlə ilə mümkündür.

Etimad təşkilatın ən qiymətli sərvətidir. Onu qazanmaq illər çəkir, itirməyə isə bir cümlə kifayət edir. Sözünün üstündə duran insan bu sərvəti qoruyur.

Bəxtiyar Siracov

Bu yol haraya gedir?

Səs
Səs
Şəkil
Mətn

Yolla gedən bir gənc yol kənarında oturmuş yaşlı bir kişiyə rast gəlir və soruşur:

— Dayı, bu yol haraya gedir?

— Heç yerə, oğlum.

— Necə yəni? Heç yerə getməyən yol olar?

— Vallah, əlli ildir buradayam. Bu yol o vaxt harada idisə, indi də elə oradadır. Gedib-gələn insanlardır.

Yol öz-özünə səni heç yerə aparmaz. Hara getmək istədiyini müəyyən edən də, o yolda addımlayan da sənsən.

Ciyər

Səs
Səs
Şəkil
Mətn

Niyə çox yaxın dostumuza «can-ciyər», əziz övladımıza «ciyərguşəm», sevdiyimiz insana «ciyərparəm» deyirik? Niyə «ağciyər» sözü məcazi mənada qorxaq adamı bildirir?

Dilimizdə «ciyər» təkcə orqan adı deyil; doğmalığı, sevgini, ağrını və insanın xarakterini ifadə edən sözlərin də tərkibində yaşayır.

Bu təsəvvürlərin qədim mədəniyyətlərdə bənzərləri var. Mesopotamiyada qaraciyər həyatın, ruhun və duyğuların yerləşdiyi mühüm orqan sayılırdı. Qədim insanlar insanın daxili aləmini izah edərkən təkcə ürəyə deyil, qaraciyərə də xüsusi məna verirdilər.

Lakin ayrı-ayrı dillərdəki bütün «ciyər» ifadələrini eyni inancla izah etmək olmaz. Hər ifadənin öz yaranma və inkişaf yolu var.

Bu gün «ciyərparəm» deyəndə anatomiyanı düşünmürük. Qarşımızdakı insanın bizə öz canımızın bir parçası qədər əziz olduğunu bildiririk. Sözün gücü də elə bundadır: bədənə aid bir anlayış ən dərin duyğuların ifadəsinə çevrilir.

Dil yalnız fikirlərimizi deyil, keçmişin təsəvvürlərini də yaşadır. Gündəlik işlətdiyimiz bir sözün içində nəsillərin sevgisi, ağrısı və dünyagörüşü gizlənə bilər.

Daha səmərəli yol

Səs
Səs
Şəkil
Mətn

Meşədən keçən bir ovçu qəribə mənzərə ilə qarşılaşır. Bir odunçu ağacı kəsmək üçün var gücü ilə balta vurur, amma iş irəliləmir. Alnından tər süzülür, hər zərbə ona böyük zəhmət bahasına başa gəlir.

Ovçu yaxınlaşıb deyir:

— Baltanız lap kütləşib. Bəlkə, bir az dayanıb itiləyəsiniz? İşiniz də yüngülləşər.

Odunçu təəccüblə ona baxır:

— Nə danışırsınız? Baltanı itiləməyə vaxtım haradadır? Hələ kəsəcəyim iyirmi ağac da var!

Səmərəli işləmək yalnız çox çalışmaq deyil, işin yolunu da düşünməkdir. Hazırlığa və aləti təkmilləşdirməyə ayrılan vaxt itki deyil; sonrakı zəhməti azaldan qazancdır.

Dibinə darı əkmək

Səs
Səs
Şəkil
Mətn

Bir gün padşah əyanları ilə gəzintiyə çıxmışdı. Yolları bir kənddən keçəndə tarlasında fidan əkən yaşlı bir kişiyə rast gəldilər. Padşah ona səsləndi:

— Baba, bu yaşında niyə özünə belə zəhmət verirsən? Maşallah, uzun ömür sürmüsən. Amma bu fidanlar böyüyüb bar verənədək, bəlkə, ömrün çatmayacaq.

İxtiyar cavab verdi:

— Bu ağacların meyvəsini mütləq özümüz yeməli deyilik, övladım. Bizdən əvvəlkilər əkiblər, biz yemişik. İndi də biz əkək, bizdən sonrakılar yesinlər.

Cavab padşahın xoşuna gəldi. İxtiyara bir kisə qızıl verilməsini əmr etdi.

Qoca qızıl kisəsini göstərib gülümsədi:

— Gördünmü, övladım? Bizim fidanlar elə indidən bar verdi.

Padşah bu sözü də bəyənib ona ikinci kisə qızılın verilməsini buyurdu.

Dünyagörmüş kəndli sözünün ardını gətirdi:

— Başqalarının ağacı ildə bir dəfə bar verir, bizimki isə bir gündə iki dəfə bar verdi!

Padşah gülüb üçüncü kisə qızılın da verilməsini əmr etdi. Bu dəfə vəzir tələsik araya girdi:

— Aman, padşahım, gedək buradan! Belə getsə, bu qoca tarlasına fidan əkmək əvəzinə xəzinəmizin dibinə darı əkəcək!

Əkdiyin hər ağacın meyvəsini özün yeməyə bilərsən. Amma başqalarının zəhmətindən bəhrələndiyin kimi, sən də gələcək nəsillərə bir yaxşılıq qoymalısan.

Didro effekti

Səs
Səs
Şəkil
Mətn

XVIII əsr fransız filosofu və yazıçısı Deni Didro “Köhnə xalatımdan ayrılmağıma təəssüf” essesində bir əşyanın insanı necə yeni xərclərə sürükləyə bildiyini təsvir edir.

Hər şey dəbdəbəli qırmızı bir xalatla başlayır.

Didro yeni xalatını geyinəndə əvvəllər rahatlıq tapdığı otaq gözünə başqa cür görünür. Köhnə əşyaların heç biri dəyişməyib, amma indi onlar bu gözəl xalatın yanında sönük və yaraşıqsız görünür.

Bir vaxtlar ona kifayət edən sadə əşyalar artıq ürəyincə deyil.

Beləcə, bir dəyişiklik o birini ardınca gətirir. Sadə stulun yerini dəri kreslo tutur. Kitabların düzüldüyü taxta rəf bəzəkli şkafla əvəz olunur. Divarlardakı təsvirlər, otağın bəzəkləri yenilənir. Axırda köhnə iş masası da yerini bahalı yazı masasına verir.

Otaq gözəlləşir, amma Didronun rahatlığı azalır. Yeni xalat təkcə geyimini deyil, ətrafındakı hər şeyə münasibətini dəyişib. Əvvəllər ehtiyac duymadığı əşyalar indi ona zəruri görünür.

Didro bu vəziyyəti belə ifadə edir:

— Köhnə xalatımın ağası idim, yenisinin isə köləsi oldum.

O, köhnə xalçasını saxlamağa qərar verir. Qoy bu sadə əşya ona əvvəlki həyatını xatırlatsın, dəbdəbənin içində özünü unutmağa qoymasın.

Bir yeni əşyanın ardınca ona uyğun başqa əşyalar almaq istəyinin yaranması bu gün “Didro effekti” adlanır. Bəzən aldığımız bir şey ehtiyacımızı ödəməklə kifayətlənmir, əvvəllər olmayan yeni ehtiyaclar da yaradır.

Hər yenilik həyatındakı hər şeyi dəyişməyi tələb etmir. Nəsə almazdan əvvəl özündən soruş: “Buna həqiqətən ehtiyacım var, yoxsa başqa bir əşyaya uyğun olsun deyə istəyirəm?” Əşyalar həyatını rahatlaşdırsın, seçimlərini idarə etməsin.

Dünyada ən gözəl yerlər

Səs
Səs
Şəkil
Mətn

Dünyanın ən gözəl yerləri sevdiklərinin düşüncələrində, dualarında və qəlbində sənə ayrılan yerlərdir.

Ən gözəl yer həmişə xəritədə olmur. Sevgi ilə xatırlanmaq, bir duada anılmaq, bir qəlbdə əziz tutulmaq insana doğmalıq və hüzur bəxş edir.

Düşüncələr

Səs
Səs
Şəkil
Mətn

Əl-qolun boşalar, könlün danışmaz

Həyatın sonudur — düşünəndə sən!

Belə fikirlərlə yaşamaq olmaz,

Dünyanın ən gözəl nemətisən sən!

Ömür vəfasızdır, dünya da fani

Gəlişin zamanlı, gedişin ani —

Bu cür düşüncələr üzərlər səni

Gözəl dünyamızın xilqətisən sən!

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin? —

Deyib bir zamanlar böyük Nizami,

Böyük məhəbbətin ürəyisən sən!

Əzəldən belədir dünyanın işi

Sınaqdır həyatda insanın işi

Uzaq tut qəlbindən qəmi, təşvişi

Səni sevənlərin ümidisən sən!

Ev qurub, övladlar böyütdünsə sən

Bir ağac əkərək suvardınsa sən

Çox savab işlərdə çalışdınsa sən

Demək, arzuların əməlisən sən,

Həyatın, varlığın özəyisən sən!

Etibaram, sözüm olsa deyərəm,

Ürəyimi sətirlərə düzərəm,

Şükür edər, el-obamı sevərəm,

Dostlarımla heç zaman yenilmərəm!

Etibar Siracsoy

Gecikmək nə deməkdir?

Səs
Səs
Şəkil
Mətn

Gecikmək bir işi vaxtında görməməkdir. İnsanlarla münasibətdə isə gecikməyin bədəli bəzən daha ağır olur.

Sevgimizi bildirməyin, bizə göstərilən sevgiyə könlümüzü açmağın, qəlbimizi qıranları bağışlamağın, incitdiklərimizdən üzr istəməyin öz vaxtı var. Bunları sonraya saxladıqca aramızdakı məsafə böyüyə, fürsət əldən çıxa bilər.

İnsanı səhvdən sığortalamaq olmaz. Hər birimiz yanılar, düşünmədən söz deyər, kiminsə xətrinə dəyə bilərik. Əsas odur ki, səhvimizi etiraf etməkdə, onu düzəltməkdə və könül almaqda gecikməyək. Həyat qısadır.

Elə yaşamağa çalışaq ki, geriyə baxanda «kaş ki»lərdən çox «nə yaxşı ki»lər deyək. Sevgiyə, barışığa və ədalətə bu gün yer ayıraq ki, sabah peşmanlığa daha az yer qalsın.

Sevgini bildirməyi, üzr istəməyi, könül almağı sonraya saxlama. Vaxtında atılan səmimi bir addım sabahkı peşmanlığın qarşısını ala bilər.

Gözləri olan korlar

Səs
Səs
Şəkil
Mətn

Dünyada elə insanlar var ki, gözləri açıq olduğu üçün hər şeyi gördüklərini sanırlar. Halbuki baxdıqlarının mənasını, yanlarından keçənlərin dərdini, qarşılarında duran həqiqəti görmürlər.

Görmək üçün təkcə göz yox, diqqət, düşüncə və duyarlı qəlb də lazımdır. Əsl görmək baxdığını anlamaq, sezə bildiyin dərdə biganə qalmamaqdır.

Güllər

Səs
Səs
Şəkil
Mətn

Gözəl təbiətin, bağça, bağların

Həyatın bəzəyi, rəmzidir güllər!

Gül gülü çağırar, bülbül bülbülü

Bülbülün nəfəsi, səsidir güllər.

Necə də canlıdır, necə gözəldir

Zəriflik libası onda əzəldir

Sevən ürəklərçün sanki özəldir

Verməz hər adama qoxusun güllər.

Bəzən utancaqlıq rəmzi olar o,

Bəzən etirafa işıq saçar o.

Bəzən də birlik və dostluq olar o

Sadiqlik, səadət rəmzidir güllər.

Nərgizin mənası bahar, günəşdir.

Ağ gülü sevənin qəlbi təmizdir.

Dərməyə qıymırsan, çünki nəfisdir,

İncə ürəklərin bəhəri güllər!

Saralıb solanda bağda güllərim

Başlayar kədərli, qəmli günlərim

Var olun, solmayın, gözəl güllərim,

Bir daha dərmərəm sizi, güllərim!

Etibar Siracsoy

Çoxluq həmişə haqlı deyil

Səs
Səs
Şəkil
Mətn

Bir gün nurani bir kişiyə göylərdən xəbər gəlir:

— Ey insan, sabahdan suların dadı dəyişəcək. O sudan içən hər kəs ağlını itirəcək.

Kişi tələsik evinə qayıdır, əlinə keçən bütün küpləri, qabları su ilə doldurur.

Səhəri gün deyilənlər gerçək olur: sudan içənlər bir-bir ağlını itirməyə başlayırlar. Kişi isə yalnız ehtiyat üçün topladığı sudan içir.

Beləcə, bir-iki həftə keçir. Təklikdən bezən kişi evdən çıxıb insanların arasına qarışır. Amma kiminlə bir-iki kəlmə danışırsa, ona lağ edirlər:

— Sən dəli olmusan? Get, yerin dəlixanadır!

Kişi heç kimə sözünü başa sala bilmir. Axırda bu təzyiqə dözməyib evinə qayıdır, su dolu küpləri, qabları sındırır. Sonra gedib hamının içdiyi çeşmədən su içir və yatmağa uzanır.

Çoxluğun razılığı yanlış olanı doğru etmir. İnsan bəzən qəbul olunmaq üçün öz ağlından və inandığı həqiqətdən vaz keçir. Əsl sınaq hamıya bənzəmək deyil, təzyiq qarşısında müstəqil düşüncəni qorumaqdır.

Həkim qəbulunda

Səs
Səs
Şəkil
Mətn

Həkim qəbulunda növbəmi gözləyirdim. Səhər evdə yemək yeməyə vaxt tapmadığım üçün bufetdən bir sendviç və alma şirəsi almışdım.

Yeməyə başlayanda pəncərənin yanında oturan bir oğlanın mənə baxdığını gördüm. Gözlərini əlimdəki yeməkdən çəkmirdi. “Yəqin, acdır”, — deyə düşündüm.

Ürəyim dözmədi. Bufetə qayıdıb ona da sendviçlə şirə aldım. Uşaq təşəkkür edib iştahla yeməyə başladı. Mən isə kiməsə kömək etdiyimi düşünüb sevindim.

Elə bu vaxt anası qeydiyyat otağından çıxdı. Oğlunun əlindəki yeməyi görüb təlaşla yaxınlaşdı:

— Yeməyi siz vermisiniz?

Başımı tərpətdim.

— Həkim demişdi ki, müayinəyə acqarına gəlməlidir… İşdən icazə almışam, uzaqdan gəlmişik. İndi müayinəni başqa günə keçirməli olacağıq.

Qadının gözləri doldu. Nə deyəcəyimi bilmədim. Bir an əvvəl yaxşılıq etdiyimə əmin idim. İndi isə başa düşürdüm ki, uşağın niyə ac olduğunu heç soruşmamışdım.

— Bağışlayın… Kömək etmək istədim, amma əvvəlcə sizdən soruşmalıydım.

Əlimdə yarımçıq sendviçlə oturub qaldım. Uşağın baxışlarını görmüşdüm, amma vəziyyətini anlamadan qərar vermişdim.

Yaxşı niyyət hər zaman yaxşı nəticəyə zəmanət vermir. Kömək etməzdən əvvəl soruşmaq, dinləmək və vəziyyəti anlamaq da mərhəmətin bir hissəsidir.

Görünüş aldadıcı ola bilər

Səs
Səs
Şəkil
Mətn

Ata qurd balasına həyatı öyrədərkən qoyunları göstərib deyir:

— Bax, onların əti dadlı olur.

Sonra çobanı göstərir:

— Onun dəyənəyi isə acı olur. Ehtiyatlı ol.

Bala qurd çobanın yanındakı iti görüb sevinclə deyir:

— Ata, bax, o bizə oxşayır!

Ata qurd cavab verir:

— Onu görən kimi qaç, balam. Biz ən çox bizə oxşayan, amma bizdən olmayanlardan zərər çəkmişik.

Zahiri bənzərlik niyyətlərin və məqsədlərin də eyni olması demək deyil. Kimə güvənəcəyimizə qərar verərkən görünüşünə deyil, davranışına və əməllərinə baxmalıyıq.

Həyatda önəmli olan nədir?

Səs
Səs
Şəkil
Mətn

Müəllim sinfə girib şagirdləri salamlayır. Çantasından bir şüşə banka çıxarıb masanın üstünə qoyur və deyir:

— Hər birimizin bir ömrü var. Vaxtımızı nəyə ayırmağımız həyatımızda nəyə yer verdiyimizi müəyyən edir.

Sonra bankanı qolf topları ilə doldurub soruşur:

— Sizcə, banka doludurmu?

— Doludur! — deyə şagirdlər bir ağızdan cavab verirlər.

Müəllim çantasından bir qədər çınqıl çıxarıb bankaya tökür. Bankanı yüngülcə silkələyir, daşlar topların arasındakı boşluqlara dolur.

— Bəs indi, banka doludurmu?

— Bəli! — deyə şagirdlər cavab verirlər.

Müəllim bu dəfə bankaya qum tökür. Qum daşların arasında qalan boşluqları doldurur.

— İndi necə?

Şagirdlər yenə bankanın dolu olduğunu söyləyirlər.

Müəllim gördüklərinin mənasını belə izah edir:

— Bu banka sizin həyatınızdır. Qolf topları ən qiymətli olanları təmsil edir: ailənizi, dostlarınızı, sevdiklərinizi və sağlamlığınızı.

Çınqıl daşları işiniz, eviniz, mal-mülkünüz kimi digər vacib şeylərdir.

Qum isə gündəlik xırda işlər, o qədər də əhəmiyyətli olmayan qayğılardır.

Bankanı əvvəlcə qumla doldursaydım, nə toplara, nə də daşlara yer qalardı. Həyat da belədir. Bütün vaxtınızı və gücünüzü xırda işlərə sərf etsəniz, sizin üçün ən qiymətli olanlara yer qalmayacaq.

Əvvəlcə həyatınızın «qolf topları»nı müəyyən edin və onlara yer ayırın. Qalanlarını sonra yerləşdirərsiniz.

Ən qiymətli olanlara vaxt qalmırsa, bəzən vaxtı deyil, seçimlərini yenidən nəzərdən keçirmək lazımdır. Ailəni, sevgini və sağlamlığı xırda qayğıların arxasında qoyma.

Həyatda öyrəndiklərimiz

Səs
Səs
Şəkil
Mətn

Bu həyatda daim öyrənirik:

kimindən səbirli olmağı, sevməyi, sədaqətli və vəfalı qalmağı, ləyaqətlə davranmağı;

kimindən isə ikiüzlülüyü, saxtakarlığı, xəbisliyi və xəyanəti tanımağı.

Qarşılaşdığımız insanlar bizə müxtəlif dərslər verir: kimisi necə insan olmağı, kimisi isə necə olmamağı öyrədir. Əsas olan bu dərslərdən doğru nəticə çıxarmaqdır.

İki qab su

Səs
Səs
Şəkil
Mətn

Qədim zamanlarda var-dövləti ilə məşhur bir hökmdar yaşayırdı. Getdiyi hər yerə xəzinəsindən bir pay aparar, sərvətini nümayiş etdirməkdən zövq alardı.

Onun çox güvəndiyi müdrik bir müəllimi vardı. Bir gün hökmdar ondan soruşdu:

— Sən dünyagörmüş adamsan. De görüm, mənim hakimiyyətim və sərvətim haqqında nə düşünürsən?

Müdrik cavab əvəzinə bir sual verdi:

— Təsəvvür edin ki, hökmdarım, qızmar, ucsuz-bucaqsız bir səhradasınız. Susuzluqdan ölmək üzrəsiniz. Sizi xilas edəcək bir qab suyun əvəzində sərvətinizin yarısını verərdinizmi?

— Əlbəttə, verərdim!

— Bəs yolunuz uzansa, suyunuz qurtarsa və yenidən susuzluqdan ölüm təhlükəsi ilə üzləşsəniz? İkinci qab su üçün qalan sərvətinizi də verərdinizmi?

Hökmdar bir an düşünüb dedi:

— Sağ qalmaq üçün, əlbəttə, verərdim.

Müdrik xəfifcə gülümsədi:

— Elə isə sərvətinizlə çox öyünməyin, hökmdarım. Görünür, elə bir məqam var ki, bütün var-dövlətiniz cəmi iki qab suya dəyər.

Bəzən adi saydığımız bir nemət bütün sərvətimizdən qiymətli olur. Var-dövlətinlə öyünmə; həyatını mümkün edən sadə nemətlərin qədrini bil.

İnsan çıxdı

Səs
Səs
Şəkil
Mətn

Düşüncəni qəlbə vurdum — sevgi alındı.

Sevginin üstünə əmək gəldim — vəfa alındı.

Çörəyi vicdanla böldüm — ədalət alındı.

Sevgini, əməyi, vicdanı, vəfanı və ədaləti topladım — insan alındı.

İnsanı insan edən sevgi, əmək, vicdan, vəfa və ədalətdir. Bu dəyərləri təkcə dilə gətirəndə deyil, əməllərimizdə yaşadanda insanlığımız üzə çıxır.

Görünən və görünməyən həqiqət

Səs
Səs
Şəkil
Mətn

İstanbulun işğal illərindən bəhs edən bir rəvayətdə bir qadının dilindən belə danışılır:

“Məktəbi yenicə bitirmişdim. Bir gün özünü vəkil kimi təqdim edən gənc ailəsi ilə bizə elçi gəldi. Onu bəyəndim, nişanlandıq. Zaman keçdikcə ona bağlandım.

Xoşbəxt bir ev quracağımızı düşünür, gecələr lampa işığında dəsmallar tikir, cehizimi hazırlayırdım.

Bir gün məhəllədə söz yayıldı:

— Ayişənin nişanlısı vəkil deyilmiş. Məscidin qabağında tabut daşıyırmış.

Sarsıldım. Atamla gedib uzaqdan baxdıq. Doğrudan da, başqaları ilə birlikdə tabut daşıyırdı.

Mənim üçün məsələ gördüyü iş deyildi; özünü başqa cür tanıtdığını, məni aldatdığını düşünürdüm. Ondan izahat istəyəndə isə hər şeyi danışa bilməyəcəyini söylədi. Susmasını yalanının etirafı saydım.

Nişanı qaytardıq.

Beş il keçdi. Ailə qurmuşdum, bir oğlum vardı. Bir gün şəhərdə onunla rastlaşdım. Uşağım da yanımda idi.

Məni görüb dayandı.

— Vaxtınız varsa, sizi çaya dəvət etmək istərdim, — dedi.

Razılaşdım. Yaxınlıqdakı iş yerinə getdik. Qapıdakı lövhədə onun adı, altında isə ‘vəkil’ sözü yazılmışdı.

İçəri keçəndə soruşdum:

— Deməli, doğrudan da vəkil idin?

— Bəli.

— Bəs o vaxt daşıdığın tabutlar?..

Bir an susdu, sonra sakitcə danışmağa başladı:

— Şəhər işğal altında idi. Silahları Anadoluya, müqavimət göstərənlərə çatdırmağa kömək edirdik. Bəzi tabutlarda mərhum yox, silah olurdu. Gördüyün iş bunun bir hissəsi idi.

Əlimdəki fincanı masaya qoydum.

— Niyə mənə demədin?

— Deyə bilməzdim. Tək öz həyatımı deyil, başqalarının həyatını da təhlükəyə atardım. Səni itirmək ağır idi. Amma sirri açmağa haqqım yox idi.

Nə deyəcəyimi bilmədim. İllər əvvəl gördüyüm mənzərə doğru idi. Ona verdiyim məna isə yanlış.”

Gördüyün hadisə həqiqətin hamısı olmaya bilər. Hökm verməzdən əvvəl soruş, dinlə və bilmədiklərinin olduğunu unutma. Bəzən görünməyən bir fədakarlığı yanlış mühakimənin arxasında itiririk.

İtib-batmaz

Səs
Səs
Şəkil
Mətn

Ürəkdən edilən yaxşılıq, sevgi ilə yoğrulmuş davranış, səmimiyyətlə deyilmiş söz, ədəb-ərkanlı rəftar, məhəbbət dolu təbəssüm, haqq-ədalət uğrunda atılan addım, mənəvi dəyərlərə göstərilən ehtiram —

heç vaxt itib-batmaz. Başqalarının yolunu işıqlandırar, sənin də ömrünə nur, könlünə rahatlıq qatar.

Səmimi sözün, xeyirxah əməlin izi qalır. Başqasının həyatına gətirdiyin işıq öz ömrünü də nurlandırır.

İtkidən də öyrənmək olar

Səs
Səs
Şəkil
Mətn

Həyata yalnız itkilərin gözü ilə baxmayın. Qazandığınız uğurları da, uğursuzluqlardan öyrəndiklərinizi də görün. İstədiyiniz nəticəni əldə etməsəniz belə, qazandığınız təcrübə növbəti addımınıza yol göstərə bilər.

Uğursuzluq bütün zəhmətinin hədər getməsi demək deyil. Yaşadıqlarından dərs çıxara bilirsənsə, yoluna daha təcrübəli davam edirsən.

Keçmişdə yaşamaq

Səs
Səs
Şəkil
Mətn

Keçmişdə yaşamaq arxaya baxa-baxa yerimək kimidir. Gözün geridə qaldıqca qarşındakı maneələri görməz, büdrəyərsən. Nə arxada qalanları dəyişə bilərsən, nə də önündə açılan imkanları görə bilərsən.

Keçmişdən dərs almaq yol göstərir, keçmişdə ilişib qalmaq isə irəliləməyə mane olur. Dünəni dəyişmək mümkün deyil, amma bu gün atacağın addımı seçmək sənin əlindədir.

Kiçik yeniliklər, böyük dəyərlər...

Səs
Səs
Şəkil
Mətn

Yeknəsək həyat insan ruhunu səssiz-səssiz yorur. Hər günün dünənkinin eynisi olması, eyni işlərin təkrarlanması, yaxud heç bir iş görmədən zamanın axıb getməsi insanın daxilində görünməz bir boşluq və mənəvi sıxıntı yaradır. Çünki ruh da həyat kimi hərəkət, dəyişiklik və yenilik istəyir.

Bəzən isə həyatımıza kiçik bir yenilik daxil olur və sanki içimizdə yeni bir pəncərə açılır. Adi günlər bir anda rənglənir, könlümüzdə xoş bir həyəcan, yaşamaq həvəsi və gözəl bir əhval yaranır. Əslində, həyatın gözəlliyi yalnız qarşımıza çıxan təsadüflərdə deyil, özümüzün həyatımıza nə qədər gözəllik və yenilik qata bilməyimizdədir.

İnsan öz həyatının yalnız seyrçisi olmamalıdır. Bəzən yeni bir yol seçmək, yeni bir insanla tanış olmaq, yeni bir yer görmək, öyrənmək, yaratmaq, sevdiyimiz bir işə vaxt ayırmaq kifayətdir ki, həyatın rəngi dəyişsin. Çünki yenilik həmişə böyük hadisə deyil; bəzən kiçik bir addım böyük bir ruh yüksəkliyinin başlanğıcı olur.

Həyat bizə verilmiş hazır bir səhifə deyil. Onun hər gününü özümüz yazırıq. Ona görə də ömrün səhifələrini təkrarlarla deyil, yeni duyğularla, yeni arzularla və gözəl xatirələrlə doldurmaq insanın öz əlindədir.

Həyatımıza yenilik qatmaq üçün böyük dəyişikliklər gözləməyə ehtiyac yoxdur. Öyrənməyə və sevdiyimiz işlərə ayırdığımız azacıq vaxt belə günümüzə məna verə bilər.

Etibar Siracsoy

Kitab dükanında

Səs
Səs
Şəkil
Mətn

Tibb universitetinin tələbəsi kitab evində uzun axtarışdan sonra lazım olan kitabı tapdı. Sevinc içində kitabı əlinə aldı, amma arxa üzündəki qiyməti görəndə təbəssümü dondu: pulu çatmırdı.

Məyusluğunu büruzə vermədən səhifələri çevirdi, müəllimin tapşırdığı bölməni tapdı. Satıcıların müştərilərlə məşğul olduğunu görüb bir kənarda oxumağa başladı. Bacardığı qədərini yadda saxladı, sonra kitabı yerinə qoyub sakitcə çıxdı.

Bir ay boyunca iki gündən bir dükanın yolunu tutdu. Rəflərin arasında dayanıb dərsini oxuyur, heç kimin diqqətini çəkmədiyini düşünürdü.

Buraxılış imtahanlarına bir həftə qalmış yenə gəldi. Amma bu dəfə kitab yerində yox idi. Rəfləri bir-bir axtardı. Kitabı tapmadıqca ürəyi sıxılırdı.

Əliboş çıxmaq istəyərkən satıcılardan biri onu səslədi:

— Gəl, əyləş. Sənə sözümüz var.

Sonra masanın altından həmin kitabı çıxarıb qarşısına qoydu:

— Bu yaxınlarda bir müştəri bunu almaq istəyirdi. Biz də sənin hələ oxuyub qurtarmadığını görüb kitabı kənara qoyduq. Gələndə burada rahatca oturub oxuyarsan.

Tələbə bir an nə deyəcəyini bilmədi. Diqqət çəkmədiyini sanırdı, halbuki kitab evinin işçiləri onun çətinliyini çoxdan görmüş, qüruruna toxunmadan kömək etmişdi.

İllər sonra həmin gənc həkim oldu. Kitab evində ona edilən yaxşılığı isə heç vaxt unutmadı: imkanı olmayan xəstələrdən pul almadı.

İnsanın ləyaqətini qoruyaraq edilən yaxşılıq qəlbdə ömürlük iz qoyur. Bəzən birinə göstərdiyin qayğı onun əli ilə neçə-neçə insana çatır.

Kor quyu

Səs
Səs
Şəkil
Mətn

Bir gün kəndlinin uzunqulağı suyu qurumuş köhnə bir quyuya düşdü. Heyvanın acı-acı anqırtısını eşidən sahibi qonşuları köməyə çağırdı.

Saatlarla onu quyudan çıxarmağa çalışdılar. Hərə bir yol təklif etdi, amma heç biri nəticə vermədi. Axırda ümidlərini itirib quyunu torpaqla doldurmağa qərar verdilər.

Hərəsi bir kürək götürüb quyuya torpaq tökməyə başladı. İlk kürək torpaq belinə düşəndə uzunqulaq daha bərkdən anqırdı. Bir qədər sonra isə səsi kəsildi.

Kəndli quyuya boylananda gördüyünə inanmadı: uzunqulaq belinə düşən hər kürək torpağı silkələyib ayaqlarının altına tökür, sonra da üstünə çıxırdı.

Torpaq töküldükcə heyvan bir az da yüksəlirdi. Onu basdırmaq üçün atılan torpaq ayaqlarının altında pilləyə çevrilirdi.

Nəhayət, uzunqulaq quyunun ağzına çatdı və hamının heyrətli baxışları altında sağ-salamat çölə çıxdı.

Həyat bəzən üstünə ağır yük qoyar. Bacardıqca o yükün altında qalma: silkələn, özünə dayaq tap və bir addım da yüksəl. Bəzən səni çətinliyə salan şey çıxış yolunun bir hissəsinə çevrilə bilər.

Küləksiz havada fırlanan yel dəyirmanı

Səs
Səs
Şəkil
Mətn

Küləksiz havada fırlanan yel dəyirmanının hökmən bir üfləyəni var.

Görünən nəticənin görünməyən səbəbi ola bilər. Təkcə baş verənə baxma, onu hərəkətə gətirən səbəbi də anlamağa çalış.

Müəllim, salam! Məni xatırladınız?

Səs
Səs
Şəkil
Mətn

— Salam, müəllim! Məni xatırladınız? Vaxtilə sizin şagirdiniz olmuşam.

— Bəli, xatırladım. İbtidai sinifdə sənə dərs demişəm. Bu qədər ildən sonra səni görmək nə xoşdur! İndi nə işlə məşğulsan?

— Mən də sizi gördüyümə çox şadam. Sizin kimi müəllim olmuşam.

— Nə gözəl! Bəs bu peşəni niyə seçdin?

— Sizə görə. Mənə örnək oldunuz. İstədim ki, mən də uşaqların yetişməsinə kömək edim, onlara özlərinə inanmağı öyrədim.

— Bunu eşitmək məni çox sevindirdi. Amma de görüm, sənə necə örnək olmuşam?

— Bir gün sinfimizdəki oğlanlardan biri məktəbə təzə saatla gəlmişdi. Valideynləri almışdılar. Mənim ailəmin isə buna imkanı çatmırdı. Saat çox xoşuma gəlmişdi. Böyük tənəffüsdə onu oğlanın cibindən götürdüm.

Tənəffüsdən sonra sinif yoldaşım saatının itdiyini sizə dedi. Siz də hamıya müraciət etdiniz:

“Kim götürübsə, qaytarsın.”

Heç kim dillənmədi. Onda qapını bağlayıb bütün oğlanların ciblərini yoxlayacağınızı söylədiniz. Elə bildim, həyatımın ən utancverici anı gəlib çatdı.

Bizi divar boyu düzdünüz və hamımıza gözlərimizi əllərimizlə örtməyi tapşırdınız. Sonra bir-bir ciblərimizi yoxladınız. Saatı mənim cibimdə tapsanız da, dayanmadınız, qalan uşaqların da ciblərini yoxladınız.

Axırda saatı sahibinə qaytardınız. Amma onu kimin götürdüyünü demədiniz. Nə həmin gün, nə də il ərzində bu hadisə barədə mənimlə, yaxud valideynlərimlə danışdınız.

O gün məni hamının qarşısında utandırmadınız. Bir düşüncəsiz hərəkətimə görə üstümə “oğru” damğası vurulmasına imkan vermədiniz. Səhvimin ağırlığını anladım, amma özümü dəyərsiz hiss etmədim.

Bu, mənim üçün unudulmaz bir dərs oldu. Başa düşdüm ki, müəllim yalnız bilik vermir. O, uşağa səhvini görməyi, ondan nəticə çıxarmağı və daha yaxşı insan ola biləcəyinə inanmağı da öyrədir. Mən də sizin kimi müəllim olmaq istədim.

Müəllim onu diqqətlə dinlədi. Üzündəki təəccübü görən gənc soruşdu:

— Yadınıza düşmədi? Saatı mənim cibimdə tapmışdınız...

— Hadisəni xatırlayıram, oğlum. Amma saatın sənin cibindən çıxdığını bilmirdim.

— Necə yəni bilmirdiniz? Axı onu özünüz tapmışdınız!

Müəllim sakitcə cavab verdi:

— Çünki ciblərinizi yoxlayanda mən də gözlərimi yummuşdum...

Əsl tərbiyə səhvi görməzdən gəlmək deyil, onu insanın ləyaqətini alçaltmadan düzəltməyə yol açmaqdır. Bəzən uşağa göstərilən bir incəlik onun bütün həyatına istiqamət verir.

Mühazirəçi və mehtər

Səs
Səs
Şəkil
Mətn

Bir kəndə maarifləndirici mühazirə söyləmək üçün bir mühazirəçi dəvət edirlər. O, salona girəndə görür ki, içəridə cəmi bir nəfər oturub. Salamlaşıb soruşur:

— Sizdən başqa heç kim gəlməyib. Necə düşünürsünüz, mühazirəni keçək, ya yox?

Yeganə dinləyici cavab verir:

— Müəllim, mən mehtərəm, iyirmi ata baxıram. On doqquzu qaçıb getsə, biri qalsa, onu ac-susuz qoymaram ki! Yenə yemini, suyunu verərəm.

Mühazirəçi bu sözlərdən həvəslənib çıxışına başlayır. Uzun-uzadı danışır. Nəhayət, sözünü bitirib soruşur:

— Necədir, mühazirəni bəyəndinizmi?

Mehtər cavab verir:

— Mən at baxıcısıyam, dediklərinizin çoxunu anlamadım. Amma bir şeyi bilirəm: bir at qalıb deyə iyirmi atın yemini onun qabağına tökmərəm!

Yaxşı danışmaq çox danışmaq deyil. Sözün faydası dinləyicinin ehtiyacına, anlayışına və mənimsəmə imkanına uyğun olmasındadır.

Nəyimə lazımdır

Səs
Səs
Şəkil
Mətn

Qanuni Sultan Süleyman Osmanlı dövlətini dövrünün ən qüdrətli dövlətlərindən birinə çevirmişdi. Amma bəzən bir fikir onu narahat edirdi:

«Görəsən, gün gələr, Osmanlı dövləti də zəifləyib süqut edərmi?»

Rəvayətə görə, sultan bu narahatlığını süd qardaşı, elminə və mənəvi bəsirətinə güvəndiyi Yəhya Əfəndi ilə bölüşmək qərarına gəlir. Ona məktub yazır:

«Bir dövlət hansı halda çökər? Osmanlı dövlətinin də bir gün süquta uğraması mümkündürmü? Bu barədə fikrini bilmək istəyirəm».

Yəhya Əfəndinin cavabı çox qısa olur:

«Nəyimə lazımdır, sultanım!»

Sultan Topqapı sarayında məktubu oxuyub heyrətə düşür. Yəhya Əfəndinin belə ciddi suala başdansovdu cavab verəcəyinə inanmır.

«Yəqin, bu sözlərin anlamadığım bir mənası var», — deyə düşünüb onun Beşiktaşdakı dərgahına yollanır.

— Ağabəy, sənə mühüm bir məsələ barədə yazmışdım. Nə olar, sualıma ciddi cavab ver, — deyə bir qədər gileyli səslə soruşur.

Yəhya Əfəndi cavab verir:

— Sultanım, sizin sualınıza laqeyd yanaşarammı? Yaxşıca düşündüm, qənaətimi də sizə bildirdim.

— Amma mən cavabından heç nə anlamadım. «Nəyimə lazımdır» yazmısan. Elə bil «məni bu işə qarışdırma» deyirsən.

Yəhya Əfəndi izah edir:

— Sultanım, bir dövlətdə zülm yayılarsa, haqsızlıq baş alıb gedərsə, bunu görənlər də «nəyimə lazımdır» deyib kənara çəkilərsə, o dövlətin dayaqları sarsılar.

Qoyunları qurdlar deyil, onları qorumağa borclu olan çobanlar yeyərsə; həqiqəti bilənlər susub onu gizlədərsə; yoxsulların, möhtacların, kimsəsizlərin fəryadı göyə yüksələr, amma daşlardan başqa heç kim bu fəryadı eşitməzsə, dövlətin sonu yaxınlaşar.

Belə yerdə xəzinə boşalar, xalqın etimadı itər. İdarə edənlərin xalqa hörməti, xalqın da dövlətə inamı qalmayanda asayiş pozular, dövlət içəridən çökər.

Sultan bu sözləri dinləyərkən onun gözləri dolur. Başını aşağı salıb deyilənləri təsdiqləyir. Sonra ona həqiqəti çəkinmədən söyləyən bir alimin varlığına görə Allaha şükür edib oradan ayrılır.

Haqsızlıq təkcə onu edənlərin gücü ilə deyil, onu görüb «nəyimə lazımdır» deyənlərin laqeydliyi ilə də yayılır. Cəmiyyəti qorumaq hər kəsin öz məsuliyyətini dərk etməsindən başlayır.

Nyutonun 2-ci qanunu

Səs
Səs
Şəkil
Mətn

Fizika müəllimi dərsdən çıxıb müəllimlər otağına girir və həmkarlarına gileylənir:

— Bu şagirdlər heç nə anlamırlar! Nyutonun ikinci qanununu onlara düz üç dəfə izah etdim. Axırda hətta özüm də başa düşdüm, amma onlar hələ də başa düşməyiblər!

Öyrətmək anlamaqdan başlayır. Şagird başa düşmürsə, onu günahlandırmazdan əvvəl öz biliyinə və izahına nəzər salmaq lazımdır.

Ölən həyatda qalandır

Səs
Səs
Şəkil
Mətn

Bir-birini ürəkdən sevən iki insandan biri ölərsə, əsl ölən həyatda qalandır.

Bir-birini ürəkdən sevən iki insandan biri dünyadan köçəndə geridə qalan həsrətlə yaşayır, özünü diri ikən ölmüş kimi hiss edir. Ayrılıq sevginin dərinliyini daha da duyurur.

Ömür qısadır

Səs
Səs
Şəkil
Mətn

Ömür qısadır. Onu sənə sevinc bəxş edən, yanında sevildiyini hiss etdiyin insanlarla keçir.

Ömrün dəyəri təkcə illərlə deyil, bölüşdüyümüz sevgi və sevinclə ölçülür. Səmimi münasibətlər həyatımıza məna, qəlbimizə rahatlıq gətirir.

Pambıq tarlasına gedən yol

Səs
Səs
Şəkil
Mətn

Hələ düz-əməlli oxuyub-yaza bilmirdik. Bir gün kəndimizə bir müəllim gəldi. O vaxt bilmirdik ki, bu adam bizə təkcə müəllim deyil, böyük qardaş, ata kimi dayaq olacaq.

Aydın müəllim məktəbimizin və bizim ağır vəziyyətimizi görəndə kədərləndi. Məktəbi bitirəndən sonra hamımızın pambıq tarlasında işləməli olacağımızı eşidəndə isə gözləri doldu.

Kəndimizdən uzanan bir yolu göstərib soruşdu:

— Bu yol hara gedir?

— Pambıq tarlasına, — dedik.

Sonra başqa bir yolu göstərdi:

— Bəs o biri?

Cavab verə bilmədik. Heç vaxt kənddən kənara çıxmamışdıq. Elə bilirdik, bütün dünya bizim kənddən ibarətdir.

Həmin gün böyüyəndə kim olmaq istədiyimizi də soruşdu. Yenə susduq. Bu barədə heç düşünməmişdik.

Aydın müəllim qısa müddətdə bizə oxuyub-yazmağı öyrətdi. Günlər keçdikcə daha sərbəst oxuyur, fikirlərimizi kağıza köçürə bilirdik.

Bir gün sinfə bir dəstə məktub gətirdi. Dedi ki, onları həkimlər, mühəndislər, alimlər və başqa peşə sahibləri yazıblar.

— Bundan sonra onlar sizin məktub dostlarınız olacaq, — dedi.

İllərlə üzünü görmədiyimiz o insanlardan məktublar aldıq. Bizə peşələrindən, həyatın mənasından, elmin və təhsilin əhəmiyyətindən yazırdılar. Hər məktub qarşımızda tanımadığımız bir dünyaya pəncərə açırdı.

O vaxta qədər təhsil almağı, pambıqçılıqdan başqa bir işlə məşğul olmağı xəyalımıza belə gətirməmişdik. Elə bilirdik, qarşımızda yalnız bir yol var: pambıq tarlasına gedən yol.

Məktub dostlarımızın sayəsində arzularımız yarandı. Kənddən çıxan o biri yolun hara apara biləcəyini anlamağa başladıq.

Aydın müəllimin zəhməti ilə məktəbi bitirib təhsilimizi davam etdirdik. İllər keçdi. Aramızda həkim, mühəndis, müəllim olmağa hazırlaşanlar vardı. Bir vaxt dilə gətirməyə söz tapmadığımız gələcək artıq gözümüzün önündə canlanırdı.

Bir gün daha bir məktub aldıq:

«Əziz övladlarım!

Xəyal qurmaqdan vaz keçməyin. Arzularınız sizə istiqamət verər, zəhmətiniz və əzminiz isə sizi o arzulara yaxınlaşdırar.

Hamınızı ürəkdən təbrik edirəm. Bacaracağınıza həmişə inanmışam.

Sizin məktub dostunuz — Aydın müəllim.»

Hamımız heyrət içində qaldıq. Sən demə, illər boyu ayrı-ayrı peşə sahiblərindən gəldiyini düşündüyümüz məktubların hamısını Aydın müəllim yazırmış.

Bizə başqa yolların da olduğunu göstərən elə öz müəllimimiz imiş.

Yaxşı müəllim uşağa yalnız bilik vermir, onun görə bilmədiyi imkanları da göstərir. Qarşısında başqa yolların olduğunu anlayan uşaq gələcəyini seçmək üçün cəsarət tapır.

Pandemiya, karantin

Səs
Səs
Şəkil
Mətn

Yayıldı dünyaya virus dalğası

Ellərdə dolaşdı kovid havası

Qarışdı hər kəsin gecə röyası

Niyə gəldin, pandemiya, karantin?

Təmiz hava udmaq dönüb müşkülə

SMS-lə icazə — bir vəlvələ!

Oxşamışıq qəfəsdəki bülbülə

Niyə gəldin, pandemiya, karantin?

Maska, əlcək — geyim oldu bizlərə,

Spirt vurduq qorxa-qorxa əllərə!

Uzaq düşdük dostlardan, əzizlərdən!

Niyə gəldin, pandemiya, karantin?

Şəhərlər boşaldı, hərəkət dondu,

Səs-küylü küçələr dönüb lal oldu!

İşlər də dayandı, çöhrələr soldu,

Niyə gəldin, pandemiya, karantin?

TV-lər kovidlə adam qorxudur,

Sanki damarlarda qanı dondurur!

Virus xəbəriylə beyinlər dolur!

Niyə gəldin, pandemiya, karantin?

Dünyada baş verən bu cür olaylar

Çox çəkməz, bizlərdən uzaqda qalar!

Verilər hər yerdə bu cür suallar:

Niyə gəldin, pandemiya, karantin?

Gəl cavab ver, pandemiya, karantin!

Etibar Siracsoy

Dəyişən talelər

Səs
Səs
Şəkil
Mətn

Kimsəni kiçik görmə — gün gələr, şah olar.

Şahdır deyə güvənmə — gün gələr, mat olar.

Heç kimi bu günkü mövqeyinə görə kiçik görmə, öz mövqeyini də sarsılmaz sayma. Bu gün gücsüz görünən sabah yüksələ, qüdrətli olan isə məğlubiyyətlə üzləşə bilər.

Suyun xassələri

Səs
Səs
Şəkil
Mətn

Suyun xassələrinə baxın:

Ağacın kökünə çatsa, ona həyat verər.

Yanan odunu söndürə bilər.

Çirkə bulaşanı yuyub təmizləyər.

Una qarışsa, xəmir olar, çörəyə çevrilməyə yol açar.

Damcıları günəş işığında göy qurşağına dönər.

Axıb getdiyi yerlərə canlılıq gətirər.

Durğun qalıb təzələnməsə, bulanıb qoxuya bilər.

İnsan qəlbi də suya bənzəyir: səmimi söhbətdən, paylaşılan sevincdən, qarşılıqlı qayğıdan təzələnir. Uzun müddət isti münasibətlərdən uzaq qalanda isə durğunlaşa bilər.

Qəlbi canlandıran səmimi ünsiyyət, paylaşmaq və qarşılıqlı qayğıdır. Təklik bəzən dinclik versə də, insanın anlayışa və yaxınlığa ehtiyacı var.

Tox, ya yox olmaq

Səs
Səs
Şəkil
Mətn

Bölüşərək tox olarıq,

bölünərsək yox olarıq.

Bölüşmək süfrəmizə bərəkət, birliyimizə güc qatar. Bir-birimizdən uzaqlaşdıqca zəifləyər, bir-birimizə dayaq olduqca güclənərik.

Üç heykəl

Səs
Səs
Şəkil
Mətn

İki qonşu ölkənin hökmdarları arasında möhkəm dostluq vardı. Bir gün onlardan biri dostuna doğum günü hədiyyəsi göndərmək qərarına gəldi. Ölkəsinin ən mahir heykəltəraşını çağırıb bir qarış hündürlükdə, görünüşcə bir-birinin eyni olan üç qızıl heykəl hazırlamağı tapşırdı. Lakin heykəllərin arasında yalnız hökmdarla ustanın bildiyi gizli bir fərq olacaqdı.

Heykəllər hazır olanda bir məktubla birlikdə qonşu hökmdara göndərildi:

«Doğum gününüz münasibətilə bu üç qızıl heykəli sizə hədiyyə edirəm. İlk baxışda bir-birindən seçilmirlər. Lakin onlardan biri digər ikisindən daha dəyərlidir. Hansı olduğunu tapanda mənə xəbər verin».

Hədiyyəni alan hökmdar əvvəlcə heykəlləri çəkdirdi. Üçünün də çəkisi eyni idi. Onları ölçüb-biçdilər, hər tərəfdən yoxladılar, amma heç bir fərq tapmadılar.

Hökmdar sənətdən başı çıxan adamları saraya çağırdı. Hər kəs heykəlləri diqqətlə nəzərdən keçirdi. Günlər keçsə də, sirr açılmadı.

Nəhayət, hökmdara bu tapmacanı həll edə biləcək bir adamın olduğu xəbəri çatdı. Onu saraya gətirdilər.

Adam heykəlləri diqqətlə yoxlayıb nazik bir tel istədi. Teli birinci heykəlin qulağına saldı. Tel o biri qulağından çıxdı.

İkinci heykəlin qulağına saldığı tel isə ağzından çıxdı.

Teli üçüncü heykəlin qulağına salanda isə tel içəridə qaldı, heç bir yerdən çıxmadı.

Beləcə, heykəllərin sirri açıldı. Hökmdar dostuna belə bir cavab göndərdi:

«Bu üç heykəl üç cür insanı təmsil edir.

Birincisi eşitdiyini bir qulağından alıb o birindən buraxır.

İkincisi eşitdiyini düşünmədən dilinə gətirir.

Üçüncüsü isə eşitdiyini qəlbində saxlayır, nə vaxt susmağı, nə vaxt danışmağı bilir.

Ən dəyərli olan üçüncü heykəldir. Çünki o, dinləməyi, etibarı qorumağı və sözünü yerində deməyi bacaran insanı təmsil edir.

Bu mənalı hədiyyəniz üçün təşəkkür edirəm».

Müdriklik yalnız dinləməkdə deyil, eşitdiyinə necə yanaşmaqdadır. Sənə etibar ediləni qoru, danışmazdan əvvəl düşün, sözünü yerində və vaxtında söylə.

Üç mənzərə

Səs
Səs
Şəkil
Mətn

Səfərə çıxan bir gənc yolda üç qəribə mənzərə ilə qarşılaşdı.

Əvvəlcə tarlaya buğda səpən adamlar gördü. Dənlər torpağa düşən kimi cücərir, boy atır, sünbüllənirdi. Amma əkinçilər yetişmiş məhsulu biçmək əvəzinə tarlanı yandırırdılar.

Bir qədər sonra böyük bir daşı qaldırmağa çalışan adama rast gəldi. Adam nə qədər güc versə də, daşı yerindən qaldıra bilmirdi. Daşın üstünə ikincisini qoyanda isə ikisini birlikdə qaldırdı. Üçüncüsünü də əlavə edəndə yükü daha asan götürdü. Gənc gördüyünə məna verə bilməyib yoluna davam etdi.

Üçüncü mənzərə daha qəribə idi: bir adam qoyunun belinə minmiş, bir neçə nəfər də onun çiyinlərindən yapışmışdı. Qoyun sürətlə qaçırdı. Arxadan gələn adamlar nə qədər yüyürsələr də, onlara çata bilmirdilər.

Gənc gördüklərini düşünə-düşünə bir şəhərə çatdı. Şəhərin girişində nurani bir qocaya rast gəlib salam verdi. Qoca onunla söhbətə başladı. Gənc yol boyu gördüyü qəribə mənzərələri danışıb mənasını soruşdu.

Qoca dedi:

— O əkinçilər əvvəlcə yaxşılıq edən, sonra isə etdiklərini öyünə-öyünə danışıb yaxşılıqlarının dəyərini azaldan insanları təmsil edir. Onlar öz əlləri ilə yetişdirdikləri məhsulu yenə öz əlləri ilə yandırırlar.

Sonra sözünə davam etdi:

— Daşları qaldıran adam isə günaha alışmağı göstərir. İlk dəfə yanlış iş görəndə vicdan insana ağırlıq verir. İnsan peşman olub yolunu dəyişməsə, növbəti dəfə eyni işi görmək ona daha asan gələr. Tövbə ilə bağlanmayan bir günah başqasına qapı aça bilər.

— Bəs qoyunla onun belindəki adamlar? — deyə gənc soruşdu.

Qoca cavab verdi:

— Bu rəmzi mənzərədə qoyun insanları cənnətə aparan bir heyvandır. Onun belinə minənlər alimləri, onların çiyinlərindən yapışanlar isə müxtəlif təbəqələrdən olan möminləri təmsil edir. Arxadan qaçıb çata bilməyənlər də imandan uzaq qalanları göstərir.

Yaxşılığını öyünməklə kölgədə qoyma, səhvinə alışıb vicdanının səsini susdurma. Yol göstərən seçəndə isə biliyi, dürüstlüyü və əməli bir-birini tamamlayan insanlara üz tut.

Üç sual

Səs
Səs
Şəkil
Mətn

Bir gün padşah vəzirini hüzuruna çağırıb dedi:

— Sənə üç sual verəcəyəm. Sabaha qədər cavablarını tapmasan, saraydan qovulacaqsan. Birincisi: Allah nəyə təhəmmül edir? İkincisi: Allah nəyi gizli saxlayır? Üçüncüsü: Allah Öz hikməti və qüdrəti ilə nələri dəyişir?

Vəzir nə qədər düşünüb-daşındısa, cavab tapa bilmədi. Axşam pərişan halda evə qayıtdı. Onun ağıllı, fərasətli bir nökəri vardı. Ağasının qanıqara olduğunu görüb səbəbini soruşdu. Vəzir də başına gələnləri danışdı.

Nökər dedi:

— Hər üç sualın cavabını bilirəm. İkisini indi deyəcəyəm, üçüncüsünü isə sabah. Allah bəndələrinin qəm-qüssə içində etdikləri gileyə səbir göstərir, onların eyiblərini isə örtülü saxlayır.

Ertəsi gün vəzir padşahın yanına gedib bu iki cavabı söylədi. Padşah cavabları bəyəndi:

— Bəs bunları özün tapmısan, yoxsa kimsə sənə öyrədib?

Vəzir düzünü dedi:

— Ağıllı nökərim öyrədib, padşahım.

Padşah nökəri saraya gətirtdi və vəzirə əmr etdi:

— Vəzirlik xələtini çıxarıb ona ver.

Vəzir xələtini çıxardı, nökəri də onu geyindi. Özü isə nökərin köhnə paltarını əyninə keçirdi.

Baş verənlərdən çaş-baş qalmış vəzir soruşdu:

— Bəs üçüncü sualın cavabı? Allah Öz hikməti və qüdrəti ilə nələri dəyişir?

Nökər gülümsədi:

— Hələ də anlamadın? Bir anın içində vəziri nökər, nökəri isə vəzir edir!

Vəzifə insana ömürlük verilmir, müdriklik də yalnız yüksək məqam sahiblərində olmur. Kürsünə arxayın olma, heç kimi tutduğu yerə görə kiçik görmə.

Yaxşı yaşamaq üçün sadə vərdişlər

Səs
Səs
Şəkil
Mətn

Yeməkdə ölçülü olun, gəzintilərinizi ikiqat, gülüşlərinizi üçqat artırın, sevginizə isə hədd qoymayın.

Qədərində ye, hərəkətli ol, gülməyi unutma, ürəkdən sev. Həyatı gözəlləşdirən bəzən elə bu sadə vərdişlərdir.