İllərlə oxudu, zəhmət çəkdi və nəhayət taleyini müəyyən edə biləcək o imtahan günü gəldi... Atası Kazım kişi kifayət qədər tələbkar biri idi, daim oğlunun dərsləri ilə yaxından maraqlanır və onun bu imtahanda mütləq uğur qazanacağını düşünürdü...
Kamal binaya girib imtahan verəcəyi sinfi tapdı. Sual-cavab vərəqləri paylananda həyəcanlı olsa da, imtahan başlayanda çox rahatladı... Sualları asanlıqla cavablandırırdı, cavabların düzgünlüyünə də tam əmin idi... İmtahanın bitməsinə yarım saat qalmışdı. Özünə o qədər arxayın idi ki...
Birdən gözlərini diqqətlə sinfin pəncərəsinə dikdi. Nə gördüsə, heç düşünmədən yerindən qalxıb qapıya doğru qaçdı...
— Qayıt! Yoxsa imtahanın ləğv olar, bir ilin boşa gedər, oğlum, — deyə imtahanı qəbul edən müəllim onu səslədi. Amma o dayanmadı, qaçaraq binanın arxa qapısından çıxdı...
Baş verənləri eşidən atası bir neçə saat sonra evə gələn Kamalı əvvəlcə danladı, sonra hətta üzünə şillə də vurdu. Kazım kişi çox pərişan idi. Sinifdən niyə çıxdığını, imtahanı niyə yarımçıq qoyduğunu soruşsa da, atasının daha da əsəbiləşəcəyini bildiyindən Kamal susdu... Desəydi, anlamazdı...
Kazım kişi o il boyu oğlunu durmadan danladı, məzəmmət etdi. Kamal bu vəziyyətdən incisə də, dinmədi, başını aşağı salıb dərsləri ilə məşğul oldu.
Növbəti il yenidən imtahan verdi və tibb fakültəsinə qəbul oldu... Çox yaxşı bir həkim oldu. Uzun illər şəhərdə yaşamağına baxmayaraq, ucqar bir kənd xəstəxanasına könüllü təyinat istədi. Bir il orada çalışandan sonra ailəsi onun evinə qonaq gəldi... Atası ilə arasındakı imtahan məsələsi çoxdan unudulmuşdu...
Qarlı və soyuq bir axşam Kamalın ev telefonu zəng çaldı. Zəng edən yaxınlıqdakı kəndlərdən birində bir xəstənin olduğunu dedi. Çantasını götürüb yola düşərkən atası Kazım kişi oğlunu dağ yollarında tək qoymaq istəmədi, onu müşayiət etməyə qərar verdi. Güclü çovğun altında təxminən bir saat piyada gedib həmin kəndə çatdılar. Evi tapıb qapını döydülər. Qapını yaşlı bir kişi açdı, arvadının xəstə olduğunu dedi və həkimi atası ilə birlikdə içəri dəvət etdi...
Kamal xəstəni müayinə edib lazımi müalicəni təyin etdi. Yaşlı qadın həkimə təşəkkür edərək titrək səslə dedi: «Bu soyuqda dərdimizə çarə oldun, oğlum. Sənin kimi yaxşı insanlar olmasaydı, bu dünya necə olardı? İnsan olmaq asan iş deyil... Qulaq as.»
«İllər öncə şəhərə getmişdim. Birdən yolun ortasında halım pisləşdi, bərk sancılandım. Ətrafda kimsə yox idi, yollar boş idi. Demə, o gün imtahan varmış. Beş dəqiqə keçməmiş bir cavan oğlan həyəcan içində mənə yaxınlaşdı. Məni o istidə yarım saatda xəstəxanaya çatdırdı. Hamilə idim, övladıma bir şey olar deyə qorxudan tir-tir əsirdim. Qəbul şöbəsindəki həkim dedi ki, on dəqiqə geciksəydim, ölə bilərdim... O gün oğlum dünyaya gəldi.
Məni xəstəxanaya gətirən oğlanın adını öyrənmişdim — Kamal olduğunu demişdi. Dedi ki, imtahanda idim, pəncərədən baxanda sizi gördüm, tək olduğunuzu anlayanda sinifdən çıxıb köməyinizə gəldim. İmtahandan vaz keçdiyim üçün bir ilimi itirsəm də, heç peşman olmadım.
Oğlumun adını Kamal qoydum. Onu o mərhəmətli oğlanın hekayəsi ilə böyütdüm, Kamal kimi bir insan olsun deyə daim öyüd-nəsihət etdim. İndi müəllimdir... Şagirdlərini ilk növbədə insan kimi yetişdirməyə çalışır... Ah, kaş o oğlanı da tapıb ondan halallıq ala biləydim... Hər kəs həkim, müəllim, mühəndis ola bilər. Bu dünyada ən çətini insan ola bilməkdir... O gənc necə də gözəl bir insan idi. Yolun ortasında məni tək qoymadı.» Bunu eşidən doktor Kamal: «Halaldır, ana, narahat olma...» dedi.
Kazım kişi doluxsundu, amma göz yaşlarını gizlətməyə çalışdı. Evdən çıxanda isə daha özünü saxlaya bilmədi. Yol boyu ağladı. “Kamal, oğlum...” dedi, ardını gətirə bilmədi — hıçqırıq onu boğurdu.
İbrət: Peşə sahibi olmaq olar, əsl çətini insan olmaqdır. Bir gəncin vaxtında etdiyi mərhəmət nəsillər boyu davam edən xeyirə çevrilir.
Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.