Yaşa dolmaq və zaman

Ömrün fəsilləri və zamanın dəyişdirdikləri. · 4 hekayə

Görüntü

Zaman - səssiz axan ömür

Zaman qəribə bir möcüzədir... Onu nə görmək, nə tutmaq, nə də geri qaytarmaq mümkündür. O, səssizcə keçir — saatların əqrəblərində, günlərin dəyişməsində, saçlara düşən ağlarda, uşaqların böyüməsində, xatirələrin uzaqlaşmasında...

Altmışdan sonra nə dəyişdi

Səs
Şəkil
Mətn

Altmışı keçib yetmişə yaxınlaşan bir dostumdan yaşa dolduqca özündə hansı dəyişiklikləri hiss etdiyini soruşdum. Belə cavab verdi:

Yaşlılara «bu əhvalatı danışmısan» deməyi bir kənara qoydum. Nə də olsa, bu danışıqlar onlara xoş xatirələrini canlandırmağa, o gözəl anları yenidən yaşamağa kömək edir.

Hər səhvi düzəltməyə çalışmamağı öyrəndim. Hamını qüsursuz etmək mənim vəzifəm deyil. Könül rahatlığı mükəmməllikdən vacibdir.

Bol-bol iltifat edirəm. Nə də olsa, bu, təkcə qarşımdakına deyil, mənim öz ruhuma da xoş gəlir.

Geyimimdəki qırışığı və ya bir ləkəni dərd etməməyi öyrəndim. Nəticə etibarilə, insanın dəyəri zahiri görünüşdən deyil, içindən gəlir.

Mənim dünyama yad olan insanlardan uzaq durmağı öyrəndim. Nə də olsa, onlar yaxşı münasibət qurub qorumağı bacarmır; mən isə bunu da öyrəndim.

Duyğularımdan utanmamağı öyrəndim. Nə də olsa, məni insan edən öz duyğularımdır.

Münasibətləri korlamaqdansa, qürurumu bir kənara qoymağı öyrəndim. Yersiz qürur insanı tək qoyur, yaxşı münasibətlər isə tənhalıqdan qoruyur.

Məni xoşbəxt edə biləcək şeyləri etməyi öyrəndim. Nə də olsa, öz xoşbəxtliyimə mən özüm cavabdehəm.

İstənilmədən kömək etməməyi öyrəndim. Nə də olsa, köməyə ehtiyacı olan adam bu köməyin məndən gəlməsini istəməyə də bilər.

Sağlamlığımdan, qonşularımdan, qohumlarımdan, təqaüdçü olmağımdan şikayət etməməyi öyrəndim! Nə də olsa, bütün çətinliklərə baxmayaraq, yaşadığıma və sevdiklərimin yanımda olduğuna görə şükür etməliyəm.

Gənclərə “Mən sənin yaşında olanda...” demirəm. “Ən yaxşı illərimi sənə verdim” sözünü də dilimə gətirmirəm. Hər dövrün öz şərtləri var, bu günü keçmişin ölçüsü ilə ölçmək olmaz.

Bir zamanlar gənc, güclü və sevinc dolu olduğunu unutmadan həyat yoldaşıma daha çox diqqət etməyə başladım — indi bürüşük, çarəsiz və qəmgin bir qoca olsa belə. Nə də olsa, bəlkə də bu anda mənə həqiqətən ehtiyacı olan yeganə insan odur.

Hər şeyə görə özümü qınamaqdan vaz keçdim. Nə də olsa, həyatda həm özüm, həm də övladlarım üçün əlimdən gələni etmişəm.

Və nəhayət: Rəbbimdən dəyişdirə biləcəklərim üçün güc, dəyişdirə bilməyəcəklərim üçün səbir, bu ikisini bir-birindən ayıra bilmək üçün isə hikmət diləməyi öyrəndim. Nə də olsa, bir insan olaraq hər şeyə qadir deyiləm.

İbrət: Yaş insana ən böyük hikməti öyrədir: dinclik mükəmməllikdən, anlayış isə haqlı çıxmaqdan üstündür.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Altmışı haqlayanlara

Səs
Şəkil
Mətn

İllərlə qənaət edib topladığınız pulu özünüzə xərcləməyin vaxtıdır. Ondan istifadə edin, bəhrəsini görün. Bu pulu qazanmaq üçün çəkdiyiniz zəhmətdən xəbəri olmayanlara saxlamaq üçün özünüzü hər şeydən məhrum etməyin. İndi rahatlığın dadını çıxarmaq vaxtıdır.

Övladlarınızın və nəvələrinizin maddi vəziyyətindən narahat olmayın, pulunuzu özünüzə xərclədiyinizə görə də üzülməyin. İllərdir onlara qayğı göstərmiş, bacardığınız hər şeyi öyrətmisiniz. Onlara təhsil, yemək, sığınacaq və dəstək vermisiniz. İndi öz pullarını qazanmaq onların borcudur. Qoy öz yollarını özləri tapsınlar.

İndi çox fiziki güc sərf etmədən sağlam həyat sürün. Orta dərəcədə idman edin, hər gün gəzintiyə çıxın, yaxşı yeyin və yaxşı yatın.

Bu yaşda xəstələnmək asan, sağlam qalmaq isə çətindir. Ona görə də özünüzü yaxşı vəziyyətdə saxlamalı, tibbi və fiziki ehtiyaclarınıza diqqət yetirməlisiniz. Həkiminizlə əlaqə saxlayın; özünüzü yaxşı hiss etsəniz belə, müayinələrdən keçin.

Xırda şeylərə görə özünüzü üzməyin. Bu vaxta qədər çox çətinliyin öhdəsindən gəlmisiniz. Həyatınızda yaxşı günlər də olub, pis günlər də. Qoy keçmiş sizi geriyə çəkməsin, gələcək də qorxutmasın. Bu günün qədrini bilin. Xırda çətinliklər tezliklə unudular.

Yaşınızdan asılı olmayaraq, sevginizi həmişə yaşayın. Yoldaşınızı sevin, həyatı sevin, ailənizi sevin və unutmayın: nə qədər ki, ağlınız və şəfqətiniz yerindədir, siz qoca deyilsiniz.

Özünüzə baxmağı unutmayın: bərbərə gedin, dırnaqlarınıza qulluq edin, dəri və diş həkiminə baş çəkin, ətir və kremlərdən istifadə edin. Səliqəli görkəm əhvalınıza da yaxşı təsir edər, özünüzü daha inamlı və gümrah hiss edərsiniz.

Yaşa uyğun moda meyllərini gözdən qaçırmayın, ancaq öz üslubunuzu qoruyub saxlayın. Kitab oxuyun, qəzetləri gözdən keçirin, xəbərlərə baxın. İnternetə girin, insanların nə düşündüyünü öyrənin. Aktiv elektron poçt hesabınızın olduğundan və ən azı bir neçə sosial şəbəkədən istifadə etdiyinizdən əmin olun.

Gənc nəslə və onların fikirlərinə hörmət edin. Onlar sizinlə eyni fikirdə olmaya bilərlər, lakin gələcək onlarındır və həyatlarını öz istədikləri istiqamətə yönəldəcəklər. Tənqid etməyin, öyüd verin və dünənki müdrikliyin bu gün də keçərli olduğunu xatırlatmağa çalışın.

“Bizim vaxtımızda...” deməyin. Elə indi də sizin vaxtınızdır. Nə qədər yaşayırsınızsa, bu günün həyatına qoşulun.

Çalışın ki, mənfi insanlardan uzaq olasınız və vaxtınızı sizə yalnız xoş əhval-ruhiyyə, müsbət enerji bəxş edən insanlarla keçirəsiniz.

Hobbilərinizdən əl çəkməyin. Səyahət edə, gəzə, yemək bişirə, oxuya, rəqs edə bilərsiniz. İstəsəniz, bir pişik və ya it saxlaya bilərsiniz.

Evdən çıxın, çoxdandır görmədiyiniz adamlarla görüşün. Yeni yerlər görün, köhnə xatirələri təzələyin. Muzeyə gedin, parkda gəzin. Əsas odur ki, özünüzü evə qapamayın.

Daim nəzakətli olmağa, lüzum olmadıqca şikayət və tənqid etməməyə çalışın. Kimsə qəlbinizi qırıbsa, onu bağışlayın. Qəlbini qırdığınız insanlardan isə üzr diləyin.

Acılarınızı özünüzlə daşımayın. Bu, yalnız sizi incidər. Kimin haqlı olmasının fərqi yoxdur. Deyiblər ki, kin saxlamaq özünü zəhərləyib başqasının ölümünü gözləməyə bənzəyir. O zəhəri heç vaxt qəbul etməyin. Bağışlayın, unudun və həyatınıza davam edin.

Gülün, sevinin. Ömrünüzün bu çağında hüzurlu bir həyatın dadını çıxarın... Xoşbəxt olun!

İbrət: Fədakarlıq dövrü bir gün başa çatır; ömrün payızında özünə də yaşamaq haqqı ver. Xoşbəxt insan ətrafına da xoşbəxtlik yayır.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Yaşa dolmaq

Səs
Şəkil
Mətn

Yaşlanmaq dağa dırmaşmağa bənzəyir: yüksəldikcə yorğunluğun artır, nəfəsin daralır, amma dünyaya baxışın genişlənir.

İbrət: Yaşa dolduqca insanın gücü azalsa da, təcrübəsi artır, həyata baxışı genişlənir.

Hekayələr açıq internet mənbələrindən alınmış, illüstrasiyalar isə süni intellektlə yaradılmışdır.

Zaman - səssiz axan ömür

Səs
Şəkil
Mətn

Zaman qəribə bir möcüzədir... Onu nə görmək, nə tutmaq, nə də geri qaytarmaq mümkündür. O, səssizcə keçir — saatların əqrəblərində, günlərin dəyişməsində, saçlara düşən ağlarda, uşaqların böyüməsində, xatirələrin uzaqlaşmasında...

İnsan çox vaxt zamanı yalnız itirdikdən sonra dərk edir. Dünən adi görünən bir gün illər keçəndən sonra ən qiymətli xatirəyə çevrilir. Bir vaxtlar əhəmiyyətsiz hesab etdiyimiz bir söhbət, bir baxış, bir gülüş, sevdiyimiz insanla keçirdiyimiz sadə bir axşam sonralar həyatımızın ən gözəl anlarından birinə çevrilə bilir.

Zaman heç kim üçün dayanmır. Nə var-dövlətə, nə şöhrətə, nə də insanın istəyinə boyun əyir. O, hamıya eyni ölçüdə verilən, lakin hər kəs tərəfindən fərqli qiymətləndirilən ən böyük sərvətdir. İnsanın ömrü əslində illərlə deyil, yaşadığı mənalı anlarla ölçülür.

Bəzən düşünürük ki, həyat qarşıdadır və hələ çox vaxtımız var. Sabah edərik, gələn həftə gedərik, bir gün danışarıq, sonra görüşərik... Amma “sonra” dediyimiz zaman heç də həmişə gəlmir.

Zaman bizdən çox şey aparır: gəncliyimizi, bəzi insanları, bəzi arzuları, bəzi fürsətləri... Amma əvəzində bizə xatirələr, təcrübə və həyatın həqiqi mənasını anlamaq imkanı verir.

Ona görə zamanı sadəcə keçən illərlə ölçməyək. Vaxtımızı nə qədər yaşadığımızla deyil, necə yaşadığımızla qiymətləndirək. Sevdiklərimizə sevgimizi bu gün söyləyək. Dostlarımızla görüşməyi sonraya saxlamayaq. Gözəl mənzərələrə baxaq, günəşin doğuşunu seyr edək, dənizin səsini dinləyək, ürəyimizi sevindirən anları yaşayaq.

Çünki zaman keçir...

İbrət: Sevgimizi bildirməyi, doğmalarımıza vaxt ayırmağı sonraya saxlamayaq. Ötən an geri qayıtmır, bu günün qədrini elə bu gün bilmək lazımdır.

Etibar Siracsoy